Mediada yayılan xəbərlərə görə, Qroznıdan olan dispetçerlə sonradan faciəli qəzaya uğramış Bakı-Qroznı reysinin ekipajı arasında aparılmış danışıqların stenoqramından çıxarışları üzə çıxıb. Stenoqram çıxarışlarını Rusiyanın "VÇK-OQPU" telegram-kanalı dərc edib.
Stenoqrama görə, ekipajın bir neçə dəfə Qroznıya enməsinə icazə verilməyib, sonra "GPS" sıradan çıxıb. Təyyarə Bakıya uçmaq qərarına gələndə pilot təyyarəyə güclü zərbə vurulduğunu bildirib.
Düzdür, əvvəlcə o qərara gəlib ki, təyyarə quş dəstəsi ilə toqquşub. Daha sonra təyyarənin idarəediciləri və hidravlikası sıradan çıxmağa başlayıb. Pilot əvvəlcə Minvoda, sonra isə Mahaçqala eniş etməyə cəhd göstərib. Lakin heç birində eniş alınmayıb. Sonra pilot Qroznıdakı dispetçerlə əlaqə saxlayıb. Ancaq az sonra o, nədənsə pilotu Rostovdakı dispetçerlə əlaqə saxlamaya yönləndirib...
Bəs görəsən, dərc edilən stenoqramın nə dərəcədə gerçəkdir? Bu, müəyyən dairələrin manipulyasiya məqsədli dezinformasiyası da ola bilməz ki?
Mövzu ilə bağlı əlaqə saxladığımız siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az-a açıqlamasında bunları söyləyib:
“Hesab edirəm ki, Rusiyanın hansısa “VÇK-OQPU" layihəsi” adlanan telegram-kanalının sonradan faciəli qəzaya uğramış Bakı-Qroznı təyyarəsinin ekipajıyla dispetçer arasındakı danışıqların stenoqramı kimi təqdim etdiyi məlumatlar dezinformasiyadır. Bu məsələdə ilk növbədə onu nəzərə almaq gərəkdir ki, mülki aviasiyada, yəni sərnişin uçaqlarında “CPS”-dən başqa bir ehtiyat idarəetmə sistemi də var.
İkincisi, hətta “GPS” sıradan çıxsa belə, təyyarələrin qəza enişini təmin edən yerdən koordinat vermə var.
Üçüncüsü, əgər pilota Minvod, yaxud Mahaçqalaya eniş icazəsi verilibsə, o, uçağı niyə həmin hava limanlarından birinə endirməyib. Guya hava səbəb olub buna? Burada hava heç cür səbəb ola bilməz. Çünki uyğun məşhur uçuş izləmə platforması olan “FlightRadar 24” saytı vasitəsilə araşdırma aparsaq, görərik ki, Bakı-Qroznı təyyarəsinin havada fırlandığı həmin vaxt ərzində Minvoda da, Mahaçqalaya da, elə Qroznının özünə enişlər də, olub və əksinə həmin limanlardan uçuşlar da baş verib. Bəs o halda necə olur, Azərbaycan təyyarəsi üçün hava pis oldu?.
Başqa bir məqam isə ondan ibarətdir ki, pilot-dispetçer əlaqəsi yalnız danışıq vasitəsilə aparılır və bu, konkret radiodalğada baş verir. Odur ki, o, danışıqları hər hansı bir media orqanının, telegram-kanalın dinləməsi və onların yazısını ələ keçirməsi qeyri-mümkündür. Bu mənada da aydın olur ki, “VÇK-OQPU” Rusiyanın hansısa güc strukturunun kanalıdır. Onlar əvvəlcə bu cinayəti çox belə kobud bir üsulla, baltalamaq üsulu ilə törədiblər və eyni üsulla da ört-basdır etməyə çalışırlar. Sonra gördülər ki, sağ qalan sərnişinlərin də təsdiqlədiyi nə qədər faktlar ortalığa çıxdı, nə qədər məsələlər çılpaqlığıyla açıqlandı- indi öz aləmlərində belə “incə” üsullara, manipulyasiyalara əl atıblar və bununla çaşqınlıq yaratmağa çalışırlar. Bir daha təkrar edirəm ki, bu dezinformasiyadır. Belə kanallara heç cür inanmaq olmaz...”.